Abstrakt
Baş beynin travmatik zədələnməsindən (BTZ) sonrası kardiovaskulyar ağırlaşmalar - neyrogen miokardial stunning sindromu (NMSS) zamanı sol mədəcik disfunksiyası (SolMD) və aritmiyaların idarə olunması, oxşar halların differensial diaqnostikası.
Əsas mətn
Material və metodlar:
Öncə şikayəti olmayan və sol mədəcik atım fraksiyası (SolMAF) normal olan, avtoqəza sonrası subaraxnoidal qansızma (SAQ) aşkarlanan 70 yaşlı kişi pasientdə müalicənin 8-ci günündə süstlük və hipotenziya müşahidə olundu. EKQ-də sinus ritmi, D1, D2, aVL, V4–V6 aparmalarında neqativ T dişi və mədəcik ekstrasistoliyası qeydə alındı. Exo-KQ-də SolMAF – 20% olub, sol mədəcik divar hərəkət qüsuru (anterior, inferior-septum və anterior-septum divarın bazal–mid seqmentinin ciddi hipokineziyası) aşkarlandı. Troponin I (TrI) və BNP analiz nəticələrinin yüksək olduğu izlənildi.
Xəstə Kardiologiya şöbəsinə köçürüldü və koronar angioqrafiya icra olundu. Koronar damarlarda ciddi trombotik stenoz və okklüziyanın olmaması (RCA plaklı, Cx 50–60%, LAD 40%) MİNOCA və ya NMSS ehtimalını düşündürdü. SolMD-nin SAQ-dan sonra yaranması, sol mədəcikdə apikal balonlaşmanın olmaması, EKQ-də ST elevasiyanın müşahidə edilməməsi, TrI-nin çox yüksəlməməsi və SolMAF azalmasının dərəcəsi ilə uyğun gəlməməsi, ağrının yoxluğu və ürək çatmamazlığının olması MİNOCA və Takotsubo kardiomiopatiyasından çox MNSS ilə uyğunluq təşkil etdi.
EKQ-də QT intervalı (QTc – 560 msan) betablokator fonunda 396 msan-a qədər qısaldı. Təkrar Exo-KQ müayinəsində SolMAF-in 35%-ə yüksəlməsi ilə müsbət dinamika izlənildi. Xəstə evə yazıldı və həftəlik EKQ və Exo-KQ nəzarəti tövsiyə olundu.
Nəticə:
NMSS BTZ və SAQ-dan bir neçə gün sonra miokard əzələsində simpatik sinir ucları tərəfindən noradrenalin ifrazının kəskin artması səbəbilə beta-1 reseptorlarına həssas kalsium kanallarının açılması və ATF-in kəskin tükənməsi ilə xarakterizə olunur. Nəticədə SolMD, EKQ-də QT intervalının uzanması, aritmiyalar və qanda TrI artması ilə təzahür edir. MNSS geri dönən proses olsa da, kardiogen şok, pulmonar ödem və təhlükəli aritmiyalarla ağırlaşa bilər.
Yekun:
MNSS ciddi fəsadlara səbəb olmasına baxmayaraq tez-tez gözdən qaçır, zamanında müalicə başlanmır və ölüm ilə nəticələnə bilər. Ədəbiyyatda MNSS üçün dəqiq diaqnostik alqoritmin olmaması, məlumat azlığı və xəstələrin qısa müşahidə müddəti bu diaqnozun təsdiqini çətinləşdirir. Gələcəkdə NMSS üçün müayinə və müalicə protokollarının yaradılması, müvafiq tədqiqatların aparılması və xəstələrin qeydiyyatının təşkili məqsədəuyğundur.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 28.Dec.2024
Müəllif hüququ
© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Dəmir defisitli anemiyalı çox doğan qadınlarda ürək-damar fəaliyyətinin xüsusiyyətləri
Baxılıb: 185

