Abstrakt
Ürək-damar sistemi xəstəlikləri, xüsusən ürəyin işemik xəstəliyi, bütün dünyada böyüklər arasında ölümün əsas səbəbləri olaraq qalır. Digər müşayiət olunan xəstəliklər arasında arterial hipertenziya (AH) bu qrup xəstələrdə ən çox rast gəlinən xəstəliklərdən biridir.
Əsas mətn
Tədqiqatın məqsədi postinfarkt kardioskleroz (PİKS) olan xəstələrdə arterial hipertenziyanın lipid metabolizmi və aterogenlik göstəricilərinə təsirini öyrənməkdir.
Araşdırmaya 487 infarktdan sonra kardioskleroz (İSKS) xəstəsi cəlb edilmişdir (orta yaş 60,4 ± 9,6 il). Xəstələr 2 qrupa bölünmüşdür: 1-ci qrupa 177 PİKS və arterial hipertenziya olmayan, 2-ci qrupa 310 PİKS və AH olan xəstə daxil edilmişdir. Başqa yanaşı xəstəlikləri olan pasiyentlər tədqiqata daxil edilməmişdir.
Bütün xəstələrdə klinik və anamnestik göstəricilər öyrənilmiş, müxtəlif laborator və instrumental müayinə üsulları tətbiq edilmişdir. Qanın lipid spektri Beckman Coulter AU480 analizatorunda müəyyən edilmişdir: ümumi xolesterin (XS), yüksək sıxlıqlı lipoproteidlər (HDL), aşağı sıxlıqlı lipoproteidlər (LDL), çox aşağı sıxlıqlı lipoproteidlər (VLDL), triqliseridlər (TQ). Bundan əlavə, plazmanın aterogenlik indeksi (PAİ) [log10(TQ/HDL)] düsturu ilə hesablanmışdır.
Statistik analiz SPSS 21 proqram paketindən istifadə edilərək aparılmış, Qauss paylanmasına əsasən Studentin T- və ya Mann-Whitney U testləri ilə qiymətləndirilmişdir. P<0,05 olduqda fərq statistik cəhətdən əhəmiyyətli hesab edilmişdir.
Təhlillər göstərdi ki, PİKS olan xəstələrdə AH dislipidemiyaya səbəb olaraq XS, LDL, VLDL və TQ göstəricilərini müvafiq olaraq 6,3% (p<0,05), 4,7% (p>0,05), 22,0% (p<0,05) və 17,2% (p<0,05) artırır. Piy mübadiləsi pozğunluğunun dərəcəsini və ateroskleroz riskini əks etdirən PAİ göstəricisi qruplar arasında statistik olaraq fərqlənməsə də, fərq 39,5% (p>0,05) olaraq böyük olmuşdur.
Aparılan tədqiqat göstərir ki, PİKS olan xəstələrdə arterial hipertenziya dislipidemiyanın yaranmasına və ateroskleroz riskinin artmasına səbəb olan əsas faktorlardan biridir. Tədqiqat davam edir və gələcəkdə yeni nəticələr barədə əlavə məlumat veriləcək.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 28.Dec.2024
Müəllif hüququ
© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Dəmir defisitli anemiyalı çox doğan qadınlarda ürək-damar fəaliyyətinin xüsusiyyətləri
Baxılıb: 143

