Abstrakt
Son illərdə xərçəng əleyhinə aparılan kimyəvi dərman müalicələrinin yenilənmiş protokollarla tətbiqi xərçəng xəstələrinin sağqalma göstəricilərini artırsa da, eyni zamanda əlavə təsirlərlə əlaqədar xəstələnmə və ölüm göstəricilərinin artmasına da səbəb olur. Xərçəng əleyhinə müalicə üsullarının ciddi kardiotoksikliyi ya müalicə vasitələrinin birbaşa təsiri, ya da ürək-damar xəstəlikləri üçün risk faktorlarına malik olan xəstələrdə patoloji proseslərin sürətlənməsi ilə əlaqəli ola bilər. Süd vəzisi xərçəngində geniş istifadə olunan dərmanlardan biri olan dosetaksel, digər antrasiklinlər, siklofosfamid və ya trastuzumabla kombinasiyada və ya ardıcıl tətbiq edildikdə ürək çatışmazlığı riskini artırır. Bu məqalədə süd vəzisi xərçənginin müalicəsində geniş tətbiq olunan antrasiklin tərkibli kombinə edilmiş sxemlərlə kimyaterapiya aparılmış xəstələrdə sağqalma göstəriciləri araşdırılmışdır.
Əsas mətn
Məqsəd: Süd vəzisi xərçəngi olan xəstələrdə antrasiklin tərkibli sxemlərlə aparılan kombinə olunmuş kimyaterapiyadan sonra sağqalma göstəricilərinin qiymətləndirilməsidir.
Material və metodlar: Tədqiqata süd vəzi xərçəngi olan, antrasiklin tərkibli sxemlərlə kombinə olunmuş kimyaterapiya aparılan, kardioloji baxımdan praktik sağlam, 20–65 yaş arası (hamısı qadın cinsi, orta yaş 51,5±0,9) 50 və 70 xəstə daxil edilmişdir. Tədqiqat zamanı bütün xəstələrdə prospektiv şəkildə kimyaterapiya kurslarına başlanmazdan əvvəl və kurslar bitdikdən 1 il sonra aparılan transtorakal exokardioqrafiya müayinəsinin nəticələri, kardiak biomarker (NT-proBNP) göstəriciləri və ürək çatışmazlığının xarakteristikası qiymətləndirilmişdir.
Nəticələr: 12 aylıq müşahidə müddətində xəstələrdə dekompensasiya hallarının yaranma tezliyinin aşkar olunma müddəti nəzarət qrupunda orta hesabla 1,260±0,314, əsas qrupda isə 11,943±0,057 olmuşdur. Tədqiqat qrupları arasında statistik cəhətdən əhəmiyyətli fərq müşahidə edilmişdir (p=0,014). Kimyəvi dərman müalicəsinin yaşam göstəriciləri üzərindəki kardiotoksik təsirlərinin 12 aylıq müşahidə müddətində aparılan analizi zamanı tədqiqat qrupları arasında statistik əhəmiyyətli fərq aşkar edilməmişdir (p=0,237).
Yekun: Kurslararası dövrdə müvafiq diaqnostik və müalicəvi tədbirlərin vaxtında həyata keçirilməsi bu qrup xəstələrdə sağqalma göstəricilərinə müsbət təsir göstərir.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 28.Dec.2024
Müəllif hüququ
© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 152

