Abstrakt

Məqsəd: Qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm riskinin mövsümdən asılı dəyişməsi ehtimalını qiymətləndirmək. Materiallar: 2013-cü ildə Naxçıvan Muxtar Respublikasında qeydə alınmış 2036 ölüm hadisəsi barədə tibbi şəhadətləndirmə sənədləri. Metodlar: Keyfiyyət əlamətlərinin təhlili metodları, təsviri statistik və reqres¬sion analiz. Nəticələr: Müəyyən olunmuşdur ki, ölüm hadisələrinin 28,2±1,0%-i qışda, 25,0±190%-i payızda, 23,3±0,9%-i yazda və 22,8±0,95%-i isə yayda qeydə alınır. Qan dövranı sistemi xəstəliklərində də ölüm hadisələri mövsümi xarakter daşıyır: 28,8±1,3% qışda, 26,8±1,3% payızda, 23,8±1,3% yazda və 20,6±1,2% yayda müşahidə olunur. Ölüm səbəbləri arasında qan dövranı sistemi xəstəliklərinin payı qış və payızda (57,7±1,1 və 60,8±1,1%) yüksək, yayda isə nisbətən aşağı (52,3± 1,1%) səviyyədədir. Qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm ehtimalının ilin aylarından asılı dəyişməsinin trendini təyin edən reqressiya tənlikləri əsaslandırılmışdır. Nəticə: Naxçıvan Muxtar Respublikasında qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm riski qışda xüsusən yanvar və fevral aylarında çoxalır.

Əsas mətn

İnsanların sosial-iqtisadi fəaliyəti ilin fəsillərindən asılı olaraq dəyişir. Belə ki, ətraf mühütin birbaşa və dolayı təsirləri altında müəyyən qrup xəstəliklərin riski artır. Mövsüm dəyişiklikləri ilə bağlı ölüm riski haqqında məlumatlar mövcuddur [1-4].
Ətraf mühitin mövsümi amilləri - həm xroniki xəstəliklərin kəskinləşməsi ilə, həmçinin də tibbi yardımın, xüsusilə təcili-tibbi yardımın mövsümi məhdudluğu ilə əlaqədar ölüm riskini artıra bilər.
Xəstəliklərin ölüm riskinin mövsümi dəyişiklikləri ilə bağlı qanuna uyğunluqların öyrənilməsi profilaktik və müalicəvi-təşkilati tədbirlərin planlaşdırılmasında istifadə oluna bilər.

Tədqiqatın məqsədi. 
Qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm riskinin mövsümdən asılı dəyişmə ehtimalının qiymətləndirilməsi.

Tədqiqatın material və üsulları. 
Tədqiqat retrorespektiv yolla regionun iqlimi-coğrafi şəraitindən asılı olaraq Naxçıvan Muxtar Respublikasında dövlət statistikasının rəsmi materialları əsasında yerinə yetirilmişdir. Məlumat mənbələri həkimlər tərəfindən mütləq şəhadətləndirilmiş ölüm haqqında şəhadətnamalər olmuşdur.  Müşahidələr 2013-cü ildə bütün ölüm hadisələrini əhatə edir. Tam dəqiqliklə ilkin ölüm səbəbi və ölümün başlanğıc tarixi qeyd olunmaqla 2036 sənəd təhlil edilmişdir. Əvvəlcə ölümün başlanğıc tarixi ilə bütün ölüm şəhadətnamələri ayın günləri və ilin aylarına görə ayrıraraq ölənlərin gündəlik orta sayı müəyyən edilmişdir. İkinci mərhələdə ilkin ölüm səbəbi qan dövranı sistemi xəstəlikləri ilə bağlı sənədlər seçilmişdir (XBT – 10-a əsasən ölüm səbəbinin tibbi şəhadətnaməsinin I bölməsinin a bəndində - J00-J99 kodları). Ölüm tarixinə görə daxil olan bu sənədlər də həmçinin (1143) günlərə və ilin aylarına əsasən ayrılmışdır. Bu verilənlərə əsasən aşağıdakı göstəricilər hesablanmışdır:
aylıq ölüm hadisələrinin cəminin ayın günlərinin sayına bölməklə orta gündəlik ölüm hadisələri (ayrılıqda bütün ölüm hadisələri üçün, qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm hadisələri üçün); ölüm hadisələrinin cəminin ayın günlərinə bölməklə və 30-a vurmaqla aylara görə ölüm hadisələrinin standart sayı (standart ay); aylarda ölüm hadisələrinin standart sayının illik ölüm hadisələrinin cəminə bölərək, 100-ə vurmaqla ümumi cəmdə aylıq ölüm hadisələrinin payı; qan damar sistemi xəstəlikləri ilə bağlı ölüm hadisələrinin aylıq sayının, bütün ölüm hadisələrinin aylıq sayına bölünməklə 100-ə vurulmaqla ilkin ölüm səbəbləri arasında qan damar sistemi xəstəliklərinin payı.
Oxşar hesablamalar ölümün mövsümi dinamikasının təyini zamanı aparılmışdır. Dekabrın 20-dən martın 20-dək qış, martın 20-dən iyunun 20-dək yaz, iyunun 20-dən sentyabrın 20-dək yay və sentyabrın 20-dən dekabrın 20-dək  payız günləri hesab edilmişdir.
Aylıq və mövsümi trendin (əsas tendensiya) dinamikası ən kiçik kvadaratlar metodu ilə qiymətləndirilmiş, adekvat approksimasiyaya malik reqressiya tənlikləri seçilmişdir. Bütün hesabatlar keyfiyyət əlamətlərinin analizi metodologiyasına əsasən Excel proqramının “məlumatların analizi” standart paketindən istifadə olunaraq yerinə yetirilmişdir.

Alınmış nəticələr. 
Bütün səbəblərdən orta aylıq ölüm 169,6±5,39 (mediana 168,5; moda 200; etibarlıq səviyyəsi 11,87), ölənlərin minimal sayı (138) avqust, maksimal sayı (200) yanvar və fevral aylarında olmuşdur. Bütün səbəblərdən orta gündəlik ölüm hadisələrinin sayı fevral ayında (6,9) maksimum və avqustda minimal (4,5) həddə olmuşdur. Belə ki, il ərzində orta gündəlik ölənlərin sayı 5,6±0,3 təşkil edir.
Bütün səbəblərdən aylara görə orta gündəlik ölənlərin sayının dinamikası düz xətli deyildir. Yüksək parametrlər yanvar – fevral və noyabr dekabr ayları üçün xarakterikdir, mart-sentyabr aylardakı dövrdə ölənlərin orta gündəlik orta sayı dar intervalda (4,5-5,6) tərəddüd edir. Əsas trend reqressiya tənliyi ilə cədvəl 1-də göstərilmişdir.
Determinasiya əmsalı (R2=0,5672) göstərir ki, bütün ölüm səbəblərindən orta gündəlik ölüm hadisələrinin dinamikasında mövsümüliyin rolu qışda (6,3±0,4) əhəmiyyətli dərəcədə (P<0,05) yaz (5,2±0,31) və yay aylarının (5,1±0,31) müvafiq göstəricilərindən yüksəkdir. Beləliklə, Naxçıvan Muxtar Respublikasının iqlimi-coğrafi şəraitində əhalinin ölüm riski ilin aylarına (cədvəl 1) və ilin mövsümlərinə görə dəyişir (cədvəl 2). 2013-cü ilin göstəricilərinə görə bütün ölüm hadisələrinin
Cədvəl 1. Naxçıvan Muxtar Respublikasında əhali ölümünün aylıq  dinamikası
qışda 28,2±1,0%, payızda 25,0±1,0%, yazda 23,3±0,9% və yayda 22,8±0,9% qeydə alınmışdır.
Ölüm hadisələrinin sayı həmçinin təqvim aylarına görə də dəyişir, aylıq ölüm hadisələrinin payı 7,1% ilə (sentyabr) 9,4% intervalında tərəddüd edir. Aylıq ölüm hadisələrinin də dinamikası əyrixətlidir, fevraldakı maksimum göstəricilər sentyabra qədər müntəzəm aşağı düşür, sonra isə müntəzəm yüksəlir. Aylıq ölüm hadisələrinin (cədvəl 1) trendini təsvir edən polinominal tənlik yaxşı approksimasiyaya (R2=0,9126) malikdir.
Orta hesabla Naxçıvanda hər ayda 96,25±4,48 insan qan dövranı sistemi xəstəliklərindən (mediana 97,5) ölür. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının əhalisi arasında bütün ölüm səbəblərində qan dövranı sistemi xəstəliklərindən ölənlərin payı 56,1±1,1% (95% etibarlıq intervalı 53,9-58,3%) təşkil etmişdir. Qan dövranı sistemi xəstəliklərindən ölənlərin orta gündəlik sayı 3,1±0,15 təşkil etmiş və ilin təqvim aylarına görə 2,2-3,9 intervalında tərəddüd etmişdir. Göstəricinin maksimal kəmiyyəti (3,9) yanvarda, minimal kəmiyyəti isə (2,2) iyunda müşahidə olunur. 
Cədvəl 1-də qeyd olunmuş polinominal reqressiya tənliyinin qan dövranı sistemi xəstəlikləri nəticəsində gündəlik orta ölüm hadisələrinin dinamikasını izah edən trendi 54,4% təşkil edərək, onun formalaşmasında ilin ayının rolunu göstərir. Trend əyri xətt üzrə hərəkət edir, onun ən yüksək pik nöqtəsi yanvar ayının göstəriciləri ilə mütənasibdir, iyun ayına qədər müntəzəm enir, sonradan aramla qalxmağa başlayır. 
Qan dövranı sistemi xəstəlikləri ilə bağlı orta gündəlik ölüm hadisələrinin mövsümi dəyişməsi bütün səbəblərdən orta gündəlik ölüm hadisələrinin mövsümi dəyişməsinə mütənasibdir. Qışda qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölənlərin sayı (3,6±0,17) yayda ölənlərin sayından əhəmiyyətli dərəcədə statistik çoxdur (2,6±0,21). Yaz, yay və qışda qan dövranı sistemi xəstəliklərindən ölənlərin orta gündəlik sayı (3,0±0,40; 2,6±0,21 və 3,3±0,11) bir-birindən dürüst fərqlənmirlər. 
Qan dövranı sistemi xəstəlikləri bağlı ölüm hadisələri 5,9%-lə 10,7% intervalında dəyişir (cədvəl 1). Maksimal hədd yanvar, minimal hədd isə iyunda müşahidə olunur. Bu göstəricinin aylıq dinamikasının trendi polinominal reqressiya tənliyi ilə təsvir olunur və determinasiya əmsalı 0,6172 təşkil edir. Trend yanvardan avqust  ayına kimi düzxətlidir, birinci pik nöqtəsi yanvarda, ikincisi isə noyabrda qeydə alınır.
Cədvəl 2. Naxçıvan Muxtar Respublikasında əhali ölümünün mövsümi dinamikası
Qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölənlərin payı qışda, yazda, yayda və payızda (müvafiq olaraq: 28,8±1,13; 23,8±1,3; 20,6±1,2 və 26,8±1,3%) bir-birindən dürüst fərqlənirlər (P<0,05).
Beləliklə, Naxçıvan Muxtar Respublikası şəraitində qışda bütün səbəb¬lərdən ölüm riski, həmçinin qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm riski əhəmiyyətli dərəcədə yüksəkdir, lakin yayda minimal ölüm riski müşahidə olunur.
Əhalinin ölüm səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm hadisələri qeyri-stabildir. İlin yekununa görə onun səviyyəsi 56,1±1,1% təşkil edir. Qışda və payızda ölüm səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm hadisələrinin payı artır (müvafiq olaraq: 57,7±1,1 və 60,8±1,1%). Yayda qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm hadisələri ölüm səbəbləri arasında payı minimaldır (52,3±1,1%). Bu göstəricinin aylıq trendi (cədvəl 1) yaxşı approksimasiya olunan reqressiya tənliyi ilə təsvir olunur ki, (R2=0,9136) bu da həmin göstəricinin dəyişkənlinin 91,36% hallarda ilin ayları ilə bağlı olduğunu təsdiq edir.

Nəticələrin müzakirəsi. 
Khan R. və Halder D. [1] müəyyən etmişlər ki, Banqladeşdə kardiovaskulyar şöbədə höspitallaşma hadisələri ilin mövsümlərinə görə dəyişir: qışda daha çox kardiovaskulyar patologiyalarla, xüsusən kəskin miokard infarktı, yaşlı insanlarda miokard infarktı, stabil stenokardiya kimi xəstəliklərlə hospitallaşdırılırlar. İlin aylarına görə hospitallaşma halları minimum iyulda, maksimum yanvarda qeyd olunur. Çin alimlərinin tədqiqatlarına əsasən kardiovaskulyar patologiyalardan ölüm halları ən çox yanvar ayında, ən az isə mayda göstərilmişdir [2]. Qeyd olunan tədqiqatlar bütün populyasiya üçün deyil, göstəricilər yalnız stasionar müəssisələrin materialları əsasında alınmışdır. Bizim tədqiqatımızın isə müsbət aspekti ondan ibarətdir ki, qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm hadisələrinin riskinin Naxçıvan Muxtar Respublikası şəraitində qışda yüksəldiyini təsdiq edir. Özü də maksimal risk yanvar və fevral aylarında qeydə alınmışdır. Çin, Banqladeş və Naxçıvanın müxtəlif coğrafi və iqlim zonalarında yerləşməsinə baxmayaraq ümumi tendensiya müşahidə edilir: qış aylarında kardiovaskulyar xəstəliklər nəticəsində ölüm riski artır. Bizim tədqiqatımızda fərqli metodik və statistik yanaşma (ilin aylarına və mövsümlərinə görə orta gündəlik ölüm hadisələrinin təyini) tətbiq edilmişdir. Bu üsullar polinominal reqressiya tənliklərinin çıxarılması yolu ilə ölüm riskinin ilin aylarından asılılığını modelləşdirməyə və bu ölüm hadisələrində mövsümi dəyişmələrin dürüstlüyünü sübut etməyə imkan verir. Bu reqressiya tənlikləri proqnostik əhəmiyyət kəsb edir.

Nəticələr
Naxçıvan Muxtar Respublikası  şəraitində əhalinin bütün səbəblərdən və qan dövranı sistemi xəstəlikləri ilə bağlı ölüm riski ilin dövrlərindən asılı dəyişir (aylara və mövsümlərə görə), ölüm riskinin maksimal səviyyəsi qışda (xüsusən yanvar və fevralda), minimal səviyyəsi isə yayda (xüsusən iyul və avqustda) qeydə alınır.
Orta gündəlik ölüm hadisələrinin hesablanması, standart orta aylıq ölüm hadisələrini müəyyən edilməsi, ümumi illik ölüm hadisələri arasında aylıq ölüm hadisələrinin payının, həmçinin ölüm səbəbləri sırasında qan dövranı sistemi xəstəliklərinın payı ölüm riskinin mövsümi dinamikasını əsaslandırmağa daha uyğundur.
Polinominal reqressiya tənliklərinin tətbiqi ilə gündəlik ölüm hadisələrinin aylıq dinamikasının əsas trendini mövsümi faktorların ölüm riskinə təsir gücünü qiymətləndirməyə imkan verir.
Müalicə-profilaktika tədbirlərinin planlaşdırılmasında qış mövsümündə ölüm riskinin yüksəlməsini nəzərə almaq məqsədə uyğundur. 

 

Şəkillər

Açar sözlər

İstinadlar

1. Khan R. Ch. and Halder D. Effect of seasonal variation in hospital admission due to cardiovascular disease-findings from an observational study in a divisional hospital in 
2. Bangladesh // BMC cardiovascular Disor¬ders. 2014. 14:76
3. Xu B., Liu H., Su N. et all. Association between winter season and risk of death from cardiovascular diseases: a study in more than half a million inpatients in Beijing, China // BMC cardiovascular disorders. 2013, 13:93
4. Coumbt A., John R., Kuskowski M. et all. Variation of mortality after coronary artery bypass surgery in relation to hour, day and month of the procedure // BMC cardiovascular Disorders. 2011. 11:63
5. Максимова Т.М., Белов В.Б., Саурина О.С., Пушкина Н.П. Сезонность контакта населения с медицинскими организациями в связи с заболеваниями системы кровообращения // Проблемы социальной гигиены, здравоохранения и истории медицины. 2014. №4. с. 3-8
6.Стентон Г. Оценка риска и ущерба от климатических изменений, влияющих на повышение уровня заболеваемости и смертности в группах населения повышенного риска. Методические рекомендации МР 2.1.10.0057-12. М. 2012. -48 с.

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 20.Jul.2015

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Dapaqliflozinin xroniki ürək çatışmazlığında tətbiqi

Baxılıb: 245