Abstrakt

Məlumdur ki, koronar arteriya xəstəliyinin əsas risk amillərindən biri şəkərli diabetdir. Bir çox populyar epidemioloji tədqiqatlar göstərmişdir ki, şəkərli diabetli xəstələrdə sol mədəciyin atım fraksiyası daha çox azalır. Bu hal koronar arteriya xəstəliyinin arzuolunmaz nəticələrinin artmasına səbəb olur. Miokardın revaskulyarizasiyası aparılmış xəstələr iki qrupa bölünmüşlər: şəkərli diabeti olanlar və olmayanlar. Onlar bir-biri ilə sol mədəciyin atım fraksiyasındakı dəyişikliklərə görə müqayisə edilmişlər. Atım fraksiyası göstəricilərinə görə iki qrup arasında statistik əhəmiyyətli fərq aşkar edilmişdir (p<0.000643). Tədqiqatımız belə bir nəticəyə gəlməyə imkan verir ki, şəkərli diabet xəstəliyinə daha çox qadınlar arasında rast gəlinir. Eyni zamanda şəkərli diabet xəstəliyi sol mədəciyin atım fraksiyasının daha çox azalmasına, koronar arteriya xəstəliyinin daha tez-tez və ağır formada rast gəlməsinə səbəb olan müstəqil risk amilidir.

Əsas mətn

Məlumdur ki, inkişaf etmiş dünya ölkələrinin əksəriyyətində, o cümlədən Azərbaycan Respublikasında  ürək-damar xəstəlikləri nəticəsində baş verən 
ölüm hallarına, digər səbəblərdən baş verən ölüm halları ilə müqayisədə nisbətən daha çox təsadüflərdə rast gəlinir. Koronar arteriyalarda ateroskleroz prosesinin proqressivləşməsi nəticəsində baş verən ürəyin işemik xəstəliyi və ya xarici mənbələrdə göstərildiyi kimi koronar arteriya xəstəliyi, qısaca KAX  burada çox mühüm rola malikdir.  
Çoxsaylı randomizə olunmuş və uzun müddətli Framingham kimi tədqiqatlardan göründüyü kimi, şəkərli diabet koronar arteriya xəstəliyinin əsas və mühüm risk amillərindən biri hesab edilə bilər (1).  Sonradan çox ciddi ağırlaşmalara gətirib çıxaran bu məkrli xəstəliyin son illərdə Azərbaycan əhalisi arasında da daha geniş surətdə yayılması müşahidə edilir. Bunun nəticəsində şəkərli diabet xəstəliyinin ciddi ağırlaşmaları kimi üzə çıxan diabetik nefropatiya və xronik böyrək xəstəliyi,  ensefalopatiya, beyin qan dövranı pozulmaları və insult, koronar arteriya xəstəliyi və miokard infarktı, diabetik retinopatiya  kimi xəstəliklərin rastgəlmə tezliyinin getdikcə daha böyük bir vüsətlə artması nəzərə çarpır. 
Şəkərli diabet ilə sol mədəciyin atım fraksiyasının azalması arasındakı qarşılıqlı əlaqənin birbaşa proqnoza təsiri Framingham tədqiqiatında araşdırılmışdır (1, 2). Bunun əsasında ümumilikdə şəkərli diabet xəstələrində koronar arteriya xəstəliyinin daha çox rast gəlinməsi mülahizəsi irəli sürülmüşdür (3, 4).  Geniş epidemioloji tədqiqatlar şəkərli diabetli xəstələrdə sol mədəciyin atım fraksiyasının nisbətən daha çox azalmasını, bunun isə öz növbəsində koronar arteriya xəstəliyin gedişinə və fatal nəticələrinin artmasına səbəb  olduğunu göstərmişlər (5).

Material və metodlar: 
Tədqiqata 2005-2013-cü  illər ərzində Mərkəzi Klinik Xəstəxanada müalicə almış və miokardın revaskulyarizasiyası aparılmış  1688 xəstə alınmışdır. Tədqiq edilmiş xəstələrin yaşı 24-80 il arasında olmuş və orta yaş  55.5 il  təşkil etmişdir. Şəkərli diabeti olan və olmayan qrupda  yaş səviyyəsi müvafiq olaraq  56.4 və 55.4 il müəyyən edilmişdir.  İki qrup arasında yaşa görə muqayisədə fərq əhəmiyyətli olmamışdır (p=0.079). 
Tədqiqata alınmış 1662 xəstədən 239-u (14.4%) qadın və 1423-ü (85.6%) kişi olmuşdur.  Qadın cinsindən olan 239 xəstədən 104-də (43.5%) şəkərli diabetə rast gəlinmiş, 135-də (56.5%) isə rast gəlinməmişdir. Kişi cinsindən olan 1423 xəstədən 342-də (24%)  şəkərli diabetə təsadüf olunmuş, 1081-də (76%) isə təsadüf olunmamışdır. Kişilərdə orta yaş 54.9 il, qadınlarda isə 60.4 il təşkil etmişdir. Cinslər arasında yaşa görə statistik əhəmiyyətli fərq müəyyən edilməmişdir (p=0.95). Bizim tədqiq etdiyimiz xəstə qrupları arasında şəkərli diabet xəstəliyinə kişilərə nisbətən qadınlar arasında dürüst olaraq daha çox halda rast gəlinmişdir (24%-ə qarşı 43.5%; 4 xanalı cədvəllər üçün Fişerin dəqiq üsulu ilə p<0.05).
Tədqiqata  alınan və revaskulyarizasiya aparılmasına ehtiyac duyulan KAX ilə olan xəstələrdə onun əsas risk amillərindən hesab edilən şəkərli diabet ilə sol mədəciyin atım fraksiyası  arasındakı əlaqəni və onların rolunu müəyyən etmək qarşıya məqsəd qoyulmuşdur. 
Sol mədəciyin atım fraksiyası exokardioqrafiya muayinəsi vasitəsi ilə Teicholz və Simpson üsulu  ilə müəyyən edilmişdir.  Sol mədəciyin atım fraksiyası LVEDD və LVESD ölçüləri vasitəsi ilə hesablanmışdır.  Əgər sol mədəcəciyin atım fraksiyası >50% isə normal və ≤50%  isə azalmış kimi qəbul edilmişdir. 
Cədvəl. Miokardın revaskularizasiyası aparılmış xəstələrdə şəkərli diabeti olanların və olmayanların cins və yaş tərkibi

Nəticə və müzakirələr:
Tədqiqata cəlb olunan bütün xəstələr hamısı koronar angioqrafiya muayinəsindən keçmişlər. Angioqrafiya muayinəsinin nəticələrinə iki kardioloq və iki kardiocərrah tərəfindən ortaq konsuliumda qərar verilmişdir. Müşahidəyə alınan xəstələrin hər birində koronar arteriya xəstəliyinin olması öz təsdiqini tapmış, onlara AKŞ və ya stentləmə mualicəsi qərarı verilmişdir. 
Miokardın revaskulyarizasiyası aparılmış şəkərli diabeti olan və olmayan xəstə qrupları bir-biri ilə  sol mədəciyin atım fraksiyası göstəricisinə görə müqayisə edilmişdir. Bu iki xəstə qrupu arasında həmin göstəriciyə görə statistik əhəmiyyətli fərq  müəyyən olunmuşdur (p<0.000643). Həmçinin şəkərli diabeti olan və olmayan xəstə qruplarının klinik əlamətlərə görə muqayisəsi göstərmişdir ki, koronar arteriya xəstəliyi olan yarımqrupda sol mədəciyin  atım fraksiyası daha çox azalmağa meyllidir. 
Tədqiqatımız  belə bir nəticəyə gəlməyə imkan verir  ki, şəkərli diabet  xəstəliyinə kişilərə nisbətən daha çox qadınlar arasında rast gəlinir. Eyni zamanda şəkərli diabet  xəstəliyi sol mədəciyin  atım fraksiyasının daha çox azalmasına,  koronar arteriya xəstəliyinin daha tez-tez və ağır formada rast gəlməsinə səbəb olan müstəqil risk amilidir. 
Şəkil. Miokardın revaskularizasiyası aparılmış xəstələrdə şəkərli diabet xəstəliyi ilə atım fraksiyası arasında əlaqə.

 

Şəkillər

Açar sözlər

İstinadlar

1. Kanne lWB, Hjortland M, Castelli WP. Role of diabetes in congestive heart failure: the Framingham study. American Journal of Cardiology. 1974, 34, 29–34. (doi:10.1016/0002-9149(74)90089-7). 
2. Mc Kee PA, Castelli WP, Mc Namara PM, Kannel WB. The natural history of congestive heart failure: the Framingham study. New England Journal of Medicine. 1971, 285, 1441–1446. (doi:10.1056/NEJM197112232852601).
3. Grundy SM, Benjamin IJ, Burke GL, Chait A, Eckel RH, Howard BV, Mitch W, Smith SC Jr, Sowers JR. Diabetes and cardiovascular disease: a statement for healthcare professionals from the American Heart Association. Circulation. 1999, 100, 1134–1146. (doi:10.1161/01.CIR.100.10.1134).
4. Stone PH, Muller JE, Hartwell T, York BJ, Rutherford JD, Parker CB, Turi ZG, Strauss HW, Willerson JT, Robertson T, Braunwald E, Jaffe AS. MILIS study group. The effect of diabetes mellitus on prognosis and serial left ventricular function after acute myocardial infarction: contribution of both coronary disease and diastolic left ventricular dysfunction to the adverse prognosis. The MILIS Study Group. Journal of the American College of Cardiology. 1989, 14, 49–57. (doi:10.1016/0735-1097(89)90053-3). 
5. He J, Ogden LG, Bazzano LA, Vupputuri S, Loria C, Whelton PK. Risk factors for congestive heart failure in US men and women: NHANES I epidemiologic follow-up study. Archives of InternalMedicine. 2001, 161, 996–1002. (doi:10.1001/archinte.161.7.996).

 

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 20.Jul.2015

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Pasiyentdə ST-segment depressiyasının ST-segment elevasiyası ilə birlikdə Holter monitorinq zamanı diaqnostikası.

Baxılıb: 299