Abstrakt

Pnevmotoraks döş qəfəsində ağrı şikayəti ilə müraciət edən xəstələrdə az rast gəlinən, lakin diaqnoz gecikdikdə həyati təhlükəsi ola bilən patologiyadır. Burada imtahan zalında döş qəfəsində ağrı şikayəti ortaya çıxan, bir müddət sonra isə huşunu itirən gənc xəstədə pnevmotoraksla əlaqədar ortaya çıxan elektrokardioqrafik dəyişiklikləri və düzgün müalicədən sonra bu dəyişikliklərin dinamikasını təsvir edəcəyik.

Əsas mətn

Bilinən heç bir xəstəliyi olmayan 17 yaşlı oğlan, döş qəfəsinin sol tərəfində ağrı şikayəti ilə müraciət etmişdir. Ağrı şikayəti 1 gün əvvəl, xəstə imtahan zalında olarkən anidən başlamış, bir neçə dəqiqə sonra ürəkbulanma ortaya çıxmış  və  huşunu itirmişdir.  Qəbul olunarkən xəstənin arterial təzyiqi 120/75 mm Hg (qollar arasında təzyiq fərqi yoxdur), nəbzi 70/dəq olub, sol tərəfdə ağciyər səsləri eşidilmirdi. EKQ-də  normal sinus ritmi (95/dəq), QRS voltajları ətraf aparmalarında döş aparmalarına nisbətən daha böyükdür,sol döş aparmalarında QRS voltajında azalma, QRS voltajında respirofazik dəyişikliklər qeyd olundu (V1 aparmasında 2,6,7-ci komplekslərdə Hiss dəstəsinin sağ ayaqcığının “yalançı” blokadasına səbəb olur) (şəkil 1). 
Şəkil 1. İlkin müraciət zamanı çəkilmiş EKQ - də döş aparmalarında QRS amplitudunda kiçilmə, R dişinin proqressinin zəifləməsi, QRS komplekslərində respirofazik dəyişiklər müşahidə olunur.

Transtorakal exokardioqrafiya müayinəsi zamanı döş qəfəsində heç bir deformasiya olmadığı halda parasternal görüntülər yalnız sağ körpücükaltı nahiyədən əldə oluna bilmişdir. Sol mədəcik funksiyaları normal olub, qalxan aortada patologiya aşkarlanmamışdır. Sağ mədəcik ölçüləri yüngül dərəcədə genişlənmiş  (30mm) olub, soldan sağa şunt və ya mühüm qapaq patologiyası müşahidə olunmur. Döş qəfəsində deformasiya olmadığı halda parasternal görüntülərin sağ körpücükaltı nahiyədə alınması, EKQ-dəki dəyişikliklər döş qəfəsi daxili patologiyanın olmasına fikir verməyə əsas verir. Döş qəfəsinin rentgen müayinəsində sol tərəfli total pnevmoraks aşkarlandı (şəkil 2). 
Şəkil 2. Döş qəfəsinin rentgenoqrafiyasında soltərəfli massiv pnevmotoraks izlənilir. 

Torakal cərrah tərəfindən xəstəyə sol tərəfli spontan pnevmotoraks diaqnozu qoyuldu və drenaj qoyuldu. Drenaj sonrasında xəstənin EKQ-də döş aparmalarında QRS voltajında normallaşma müşahidə olundu. Döş aparmalarındakı QRS amplitudu ətraf aparmalarındakı QRS amplituduna nisbətən daha böyük idi və respirofazik dəyişikliklər müşahidə olunmurdu (şəkil 3). Eyni zamanda ExoKQ-da normal pozisiyalardan görüntülər əldə oluna bildi və patologiya aşkarlanmadı. 
Şəkil 3. Drenajdan sonra çəkilmiş EKQ-də ilk EKQ-dəki dəyişikliklərin normallaşdığı izlənilir. 
Təqdim etdiyimiz kliniki müşahidə iki cəhətdən əhəmiyyət kəsb etməkdədir. İlk olaraq,  döş qəfəsində ağrı (DQA) şikayəti ilə müraciət edən gənc xəstələrdə diqqətli yanaşma ehtiyacı vardır. DQA-nın mühüm səbəbləri miokard işemiyası, kəskin aortik sindromlar, pulmonar emboliya, pnevmotoraks və qida borusu ilə əlaqədar patologiyalar olsa da, gündəlik praktikada daha çox sinir və əzələ mənşəli ağrılar rast gəlinir.  Kardioloqa müraciət edən ambulator xəstələr arasında pnevmotorakslı xəstələrin az olması bu patologiyanın differensial diaqnozların arasında yer almamasına səbəb olur. Anamnezdə emosional gərginliyin olması - xəstəmizdə imtahan həyəcanı - bu xəstələrin lazımi tibbi diqqətdən kənarda qalmaları ilə nəticələnə bilir. Lakin, pnevmotoraksın tələbələr arasında imtahan sessiyaları zamanı daha çox inkişaf etdiyi bildirilmişdir. Bu səbəbdən DQA ilə müraciət edən gənclərdə yalnız anamnezə əsasən ağrının ürək mənşəli olmadığı bildirilərək arxayınlaşdırılmamalı, ürək-damar mənşəli patologiya olmasa da, həyati təhlükəli vəziyyət olduğu üçün pnevmotoraks ehtimalı da nəzərə alınmalıdır. 

Müşahidəmizin digər mühüm cəhəti elektrokardioqrafik dəyişikliklərdir. Soltərəfli pnevmotorakslı xəstələrdə (30%-dən artıq olarsa) adətən EKQ-də diqqətçəkən dəyişikliklər müşahidə olunur.  Bu dəyişikliklər ilk dəfə keçən əsrin əvvəllərində Masters tərəfindən bildirilmişdir (1). Watson spontan və ya eksperimental  pnevmotoraks zamanı ən çox rastlanan 4 EKQ dəyişikliyini - frontal QRS oxunun sağa doğru meyli, prekordial aparmalarda R dişi amplitudunun azalması, QRS amplitudunda azalma və ya alternasiya, T dişinin inversiyası - bildirmişdir (2).  Bundan əlavə ST seqment dəyişiklikləri, QT intervalının uzanması da müşahidə oluna bilər (3,4). Spontan pnevmotorakslı 66 xəstənin müşahidəsinə əsasən bu xəstələrin 15-də (23%)-də əhəmiyyətli ST seqment dəyişikliyi bildirilmiş, soltərəfli və sağtərəfli pnevmotorakslı xəstələr arasında fərq izlənməmişdir (2). Xəstəmizdə döş aparmalarında R dişinin proqressinin zəifləməsi, QRS komplekslərinin amplitudunun kiçilməsi və vurğudan-vurğuya QRS komplekslərində voltaj və konfiqurasiya dəyişiklikləri qeydə alınmışdır. İlk dəyişiklik miokardın ön divarının işemiyasında müşahidə edilə bilən dəyişiklik olduğu üçün DQA ilə müraciət edən xəstədə diqqətli olunmalıdır. Digər dəyişikliklər isə sol tərəfli pnevmotoraks nəticəsində ürəyin döş qəfəsi daxilində mövqeyinin dəyişilməsi, ürəyin pendular hərəkətinin pozulması və ürəklə döş qəfəsi divarı arasında hava kütləsinin toplanması ilə izah oluna bilər. 

Yekun olaraq, DQA ilə müraciət edən gənclərdə, xüsusilə əlavə şikayətlər də olarsa ətraflı kliniki və instrumental müayinə aparılmalıdır. Pnevmotoraks zamanı EKQ dəyişikliklərindən xəbərdar olunması həm pnevmotoraksdan şübhələnməyə, eyni zamanda DQA şikayəti ilə müraciət etmiş xəstələrdə hər EKQ dəyişikliyinin işemiya səbəbli olmadığını nəzərə almağımıza kömək edəcəkdir.

 

Şəkillər

Açar sözlər

İstinadlar

1. Masters AM. The electrocardiographic changes in pneumothorax in which the heart has been rotated: the similarities of some of these changes to those indicating myocardial damage. Am Heart J. 1928;3:472-483.
2. Walston A, Brewer D, Kitchens C. The electrocardiographic manifestations of spontaneous left pneumothorax. Ann Intern Med 1974;80:375-9. 
3. Senthilkumaran S, Meenakshisundaram R, Michaels AD, Thirumalaikolundusubramanian P. Electrocardiographic changes in spontaneous pneumothorax. Int J Cardiol. 2011:17;153(1):78-80.
4. Littmann D. Electrocardiographic phenomena associated with spontaneous pneumothorax and mediastinal emphysema.Am J Med Sci. 1946 Dec;212(6):682-90.

 

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 31.Dec.2016

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

2-ci tip şəkərli diabetli xəstələrdə cinsin kardiovaskulyar ölüm riskinə təsiri

Baxılıb: 233