Abstrakt
İşin məqsədi, Hiss dəstəsinin sağ ayaqcığının idiopatik blokadası olan uşaqlarda QT intervalının parametrlərinin öyrənilməsi olmuşdur. Tədqiqata 127 nəfər 3-17 yaşlı uşaq cəlb edilmişdir. Bunlardan 91 nəfər 3 qrupda HDSAB-sı olan 3-6 yaşlı 14 uşaq (7- oğlan, 7 qız), 7-11 yaşlı 34 uşaq (19- oğlan, 15-qız), 12-17 yaşlı 43 uşaq (27-oğlan, 16 - qız), qalan 36 nəfər isə nəzarət qrupuna daxil edilən müvafiq yaşlı praktik sağlam uşaqlar olmuşdur. Bütün uşaqlarda QT intervalının aşağıdakı parametrləri öyrənilmişdir: QTc, QTc max, QTc min, QTcd (QTc dispersiyası). Alınmış nəticələrin təhlili göstərir ki, HDSAB olan uşaqlarda QT intervalının korreksiya olunmuş parametrlərinin öyrənilməsi ventrikulyar depolyarizasiya və repolyarizasiyanın qeyri- homogenliyinin hansı səviyyədə olmasından xəbər verməklə, bu uşaqlarda yaş artdıqca ekstra patalogiyaların qoşulma səbəbindən orqanizmdə kardiovaskulyar xəstəliklərə meyillilik arta biləcəyindən onları risk qrupuna aid etmək və bu risklərin profilaktikası üçün uşaqların mütəmadi və hərtərəfli müayinəsi məqsədəuyğundur.
Əsas mətn
Aktuallıq
Ədəbiyyat araşdırmalarına əsasən uşaqlarda ürəyin keçiricilik sistemində olan pozulmalar gələcəkdə dərin və patoloji kardiovaskulyar xəstəliklərə dəlalət edə bilər. 12 aparmalı EKQ- nin köməyi ilə QT intervalının parametrlərinin öyrənilməsi bu problemlərin həlli üçün kifayət qədər informativ, qeyri invaziv üsuldur [1, 2,3 ].
Normal QT intervalı yaş və ürək yığılmalarının sayına (ÜYS) görə dəyişir. Normada kiçik yaşlı uşaqlarda simpatik təsirinin üstünlüyü ilə əlaqədar olaraq ÜYS artmış olur. QT intervalının düzəldilmiş, yəni korreksiya olunmuş göstəricisi QTc ÜYS dan asılı olaraq, normada bir dəqiqədə 60 vurğuya uyğun hesablanır [ 4 ]. Bu səbəblə ürək vurğusunun QT məsafəsindəki rolunu ortadan qaldırmaq üçün , ürək ritminə görə QT aralığının düzəldilməsi (korreksiya olunmuş QT=QTc) vacibdir. Düzəldilmiş ( korreksiya olunmuş ) QT aralığı Bazzet tərəfindən 1920-ci ildə təklif edilmiş formula görə (QTc = QT/√RR ) hesablanır. Korreksiya olunmuş QT aralığının disspersiyası (QTcd) isə 12 aparmalı EKQ də ən uzun və ən qısa QTc məsafəsi arasındaki fərq olaraq hesablanır (QTcd = Max QTc - Min QTc). Repolyarizasiyanı göstərən korreksiya olunmuş QT məsafələri arasındaki bu fərq, homogen və ya qeyri homogen ventrikulyar repolyarizasiyanı göstərir və ciddi ventrikulyar aritmiyanın əmələ gəlməsinə zəmin yarada bilir [ 5 ].
QT intervalına QRS kompleksi daxil olduğu üçün, aritmiyaların dəyərləndirilməsində QT intervalının uzun olduğu vəziyyətlərdə geniş QRS kompleksinin olub olmadığına ayrıca diqqət yetirilməlidir. Ürək döyüntülərinin sayı ilə QT intervalı arasında tərs mütənasiblik olsa da, uzun QTc dəyərləri sağlam insanlarda da görünə bilər və ya əksinə uzun QT sindromlu xəstələrin QTc dəyərləri normal ola bilər. Uşaqlarda isə bu göstərici nisbətən uzun ola bilər [ 6,7 ].
Həmçinin ədəbiyyatlarda ventrikulyar aritmogenezin EKQ indeksi olaraq istifadə olunan korreksiya olunmuş QT (QTc) ilə qəfləti kardiovaskulyar ölüm arasında əlaqə olduğu göstərilmişdir. Bu göstəricilər ventrikulyar depolyarizasiya və repolyarizasiyanın heterogenliyini təyin edir və mədəcik aritmiyalarının bir prediktoru olaraq qəbul edilir [ 8,9,10 ].
Tədqiqatın məqsədi kliniki olaraq şikayətləri və ürək damar xəstəlikləri (ÜDX) diaqnozu olmayan, təsadüfü aşkarlanmış Hiss dəstəsinin sağ ayaqcığının ideopatik blokadası olan uşaqlarda korreksiya olunmuş QT intervalına əsasən miokardın de və repolyarizasiyasının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur.
Tədqiqatın material və metodları.
QT intervalının parametrlərinin xüsusiyyətlərini öyrənmək məqsədilə 127 nəfər 3-17 yaşlı uşaq müayinə edilmişdir. Uşaq yaşının dövrlərini və yaş xüsusiyyətlərini nəzərə alaraq, uşaqlar 3 yarımqrupa bölünmüşdür. Bunlardan 91 nəfər 3 qrupda HDSAB-sı olan 3-6 yaşlı 14 uşaq (7- oğlan, 7 qız), 7-11 yaşlı 34 uşaq (19 - oğlan, 15 - qız), 12-17 yaşlı 43 uşaq (27 - oğlan, 16 - qız), qalan 36 nəfər isə nəzarət qrupuna daxil edilən müvafig yaşlı praktik sağlam uşaqlar olmuşdur. Müayinə olunan uşaqların hər birinə günün birinci yarısında nisbi sakitlik vəziyyətində 12 standart aparmada EKQ çəkilmişdir. QT intervalının analizi və miokardın bioelektrik fəallığının vəziyyəti, aşağıdakı parametrlərin öyrənilməsi ilə aparılmışdır.
QTс, QTс max, QTс min – QT intervalının, yəni mədəciklərin depolyarizasiyası və repolyarizasiyası üçün keçən toplam orta, maksimal və minimal müddətin korreksiya olunmuş göstəricisi; QTсd – QTc intervalının müddətinin dispersiyası (QTc intervallarının maksimal qiyməti ilə minimal qiymətinin fərqi (QTсd = QTс max – QTс min)).
Əldə edilən nəticələrin statistik işlənməsi Microsoft Office Excel 2007 proqramının elektron cədvəlləri əsasında Statistica for Windows paketi vasitəsi ilə aparılmışdır. Hər bir qrup üçün orta ədədi qiymət (M),orta xəta göstəricisi (m) hesablanmışdır, minimal (min), maksimal (max) rəqəmlər qeyd edilmişdir. Qruplar arasında fərqlərin dürüstlük dərəcəsi Styudentin t meyarı əsasında qiymətləndirilmişdir. Fərq p<0,05 olduqda dürüst qəbul edilmişdir.
Tədqiqatın nəticələri və onların müzakirəsi.
Tədqiqatdan aldığımız nəticələrə əsasən HDSAB olan uşaqlarda hər üç yarımqrupda sağlam uşaqlarla müqayisədə QT intervalının göstəricilərində dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər cədvəldə göstərilmişdir.
Cədvəldən göründüyü kimi yaşdan asılı olaraq HDSAB olan 1-ci qrup (3-6 yaşlı) uşaqlarda QTc 2,98±0,67 %, MaxQTс 3,55±1,85 %, MinQTс3,01±1,77 %, ventrikulyar repolyarizasiyanın qeyri homogenliyini təyin edən QTсd isə 6,56±3,34 % azalsa da nəzarət qrupunun müvafiq göstəricisi ilə müqayisədə statistik dürüst fərqlənməmişdir (P>0,05).
Təhlilə əsasən, HDSAB olan məktəbəqədər yaşlı uşaqlarda kontrol qrupla müqayisədə ventrikulyar aritmiyaların bioelektrik fəallığını xarakterizə edən və miokardın repolyarizasiya indeksi olan QTcd – nin və eyni zamanda QT intervalının korreksiya olunmuş parametrlərinin oxşar səpkidə dəyişməsi HDSAB olan kiçik yaşlı uşaqlarda taxiaritmiyalara meyillik əlaməti sayıla bilər. Məhz bu riskləri əngəlləmək üçün QT intervalının korreksiya olunmuş parametrlərinin kiçik yaşlı uşaqlarda miokardın funksional inkişafının tamamlanmaması ilə əlaqədar olaraq təyin olunması və dəyərlərinin araşdırılması vacibdir.
HDSAB olan 2 - ci qrup (7 - 11 yaşlı) uşaqlarda korreksiya olunmuş QT intevalınınn göstəriciləri məktəbəqədər yaşlı uşaqların göstəriciləri ilə müqayisədə az da olsa fərqlənmişdir. Belə ki, QTc 2,35±1,25 %, MaxQTс 2,55±1,07 %, MinQTс2,07±0,92 %, ventrikulyar repolyarizasiyanın qeyri homogenliyini təyin edən QTсd isə 5,65±3,08 % artsa da statistik olaraq fərqlənməmişdir (P>0,05).Bu göstəricilərin hər birinin hədlərinin 1-ci qrupun uyğun hədlərinin orta qiymətləri ilə müqayisəsində dürüst fərq alınmamışdır (р>0,05). Təhlildən görsənir ki, Max QTc, Min QTc və QTc göstəricilərinin faizlərindən vəziyyətin nisbətən stabilləşdiyini izləsək də, repolyarizasiyanın heterogenliyini təyin edən QTcd indeksi, faizlə nisbətən artaraq bu yaşlarda bradiaritmiyaya meyillilik əlamətini göstərir. Həmçinin HDSAB olan uşaqlarda parametrlərin qiymətlərinin bu cür tendensiya etməsi yeniyetmə dövrünə keçid yaşlarda ürəyin keçiricilik sisteminin və miokardın formalaşmasında dəyişikliklərin olmasından da xəbər verir.
HDSAB olan 3 – cü qrup (12 – 17 yaşlı) uşaqlarda QT intervalının göstəriciləri orta yaşlı uşaqlarla (7 - 11 yaşlı) və məktəbəqədər qrupla (3-6 yaş) müqayisədə nəzərəçarpandır. Yəni bu qrupda QTc6,06±1,66 %, MaxQTс 5,17±1,54%, MinQTс 5,11±1,48 % artaraq statistik olaraq nəzarət qrupundan dürüst fərqlənmişdir (р<0,05). Bu qrupda ventrikulyar repolyarizasiyanın qeyri homogenliyini təyin edən QTсd isə 5,89±3,56 % artsa da statistik olaraq dürüst fərqlənməmişdir (р>0,05). Bu göstəricilərin hər birinin hədlərinin 1-ci və 2 - ci qrupun uyğun hədlərinin orta qiymətləri ilə müqayisəsində dürüst fərq alınmamışdır (р>0,05). Aldığımız nəticələr, həmçinin göstəricilərin bu qrupda oxşar və uyğun şəkildə artımı, HDSAB olan 12-17 yaşda uşaqlarda kontrol qrupla müqayisədə miokardda repolyarizasiya müddətinin qeyri homogenliyinin göstəricisi olmaqla, gələcəkdə kardiovaskulyar sistemdə hər hansı bir patoloji kənəraçıxmalar yaranarsa, miokardda bradiaritmiyalarının yaranmasına meyilliliyin daha da artmasını sərtləndirir.
Beləliklə, HDSAB olan uşaqlarda yaşdan asılı olaraq de və repolyarizasiyanın QTc və QTcd yə əsasən qiymətləndirilməsi onlarda gələcəkdə aritmiyaların əmələ gəlmə riskini müəyyən etməyə imkan verir. Bu uşaqlarda digər patalogiyaların qoşulma səbəbindən yaş artdıqca orqanizmdə kardiovaskulyar xəstəliklərə meyilliliyin arta biləcəyindən onları risk qrupuna aid etmək və bu risklərin profilaktikası üçün onların mütəmadi müayinəsi məqsədəuyğundur.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Park MK,:Park's Pediatric Cardiology for Practitioners, 6th ed. Philadelphia, Mosby, 2014.
2. Д.В.Сайфуллаева // Нарушения ритма сердца у детей. Вестник экстренной медицины, 2017, Х (1). 119-124.
3. М.Л.Столина, М.Г.Шегеда,Э.Ю.Катенкова // Нарушения сердечного ритма у детей и подростков. ТМЖ,2019,№ 4. 14-17. DOI: 10.34215/1609-1175-2019-4-14-17
4. Myung K. Park. Çeviri Editörü. Nazan Özbarlas. Pediyatrik Kardioloji. 2009. Baskı 5. Bölüm 3, 24.
5. Dr. Ömer Ardıç // Göğüş ağrısı ile başvuran çocuklarda, QT intervali, QT dispersiyonu, düzeltilmiş QT (QTc) intervali ve düzeltilmiş QT (QTcd) dispersiyonunun değerlendirilmesi. Uzmanlık tezi. Konya 2014
6. Dr. Ümit Gültekin. Pediatrik yaş grubunda elektrokardiyogram ile üç boyutlu kardiyak elektriksel aks değerlendirilmesi. Uzmanlık tezi. Necmettin Erbakan üniversitesi. Konya, 2020
7. Priori SG, Wilde AA, Horie M, et al. HRS/EHRA/APHRS expert consensus statement on the diagnosis and management of patients with inherited primary arrhythmia syndromes: document endorsed by HRS, EHRA, and APHRS in May 2013 and by ACCF, AHA, PACES, and AEPC in June 2013. Heart Rhythm. 2013;10(12):1932‐1963.)
8. Z.İ. Məmmədova // Uşaq və yeniyetmələrdə qeyri paroksizmal taxikardiyalar zamanı miokardın morfometrik parametrləri ilə QT intervalının dispersiyası arasında əlaqə. Azərbaycan tibb jurnalı. 2021. № 3. 93-98
9. Mehmet Türe, Velat Şen. Kistik fibrozis tanılı çocuk hastaların kardiyak değerlendirilmesi. Dicle Tıp Dergisi / Dicle Med J (2021) 48 (3) : 559-566
10. James W. Schurr MD, PharmD a, Prabhjot K. Grewal MD b, Roger Fan MD c, Eric Rashba MD c . QT interval measurement in ventricular pacing: Implications for assessment of drug effects and pro-arrhythmia risk. Journal of Electrocardiology. Vol.70. 2022, Pages 13-18
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 29.Oct.2024
Müəllif hüququ
© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Stabil stenokardiyada perkutan koronar müdaxilə və aorto-koronar şuntlama əməliyyatı
Baxılıb: 571